Awesome Image
27 Jul 2025

Gözdə sulanma səbəbi olaraq gözyaşı kanalı tıxanması və müalicəsi

Gözdə sulanma son vaxtlar tez-tez rastlaşan şikayətlərdən biridir. Onun səbəbi çox ola bilir. Məsələn, quru göz sindromu, allergiyalar, konyunktivitlər... 

Konyunktivitlərin də növləri çox olduqlarına görə simptomları fərqli ola bilir. Yalnız onların hamısının bir simptomu olur: gözdə sulanma, qızartı. 

Son vaxtlar gözdə sulanma şikayətləri ilə müraciət edən xəstələrin arasında göz kanalının tam tutulması və yaxud daralması xəstəliyi daha artıb və bu xəstəliyin özünəməxsus bir neçə simptomları var. Bu xəstələrdə gözdə sulanma daimi olur. Küçəyə çıxanda, küləkdə, işığa baxanda daha çoxalır. 

Elə olur ki, yaş yanaqdan axır və elə olur ki, yaş gözünün içində elə bil ki, bir göl kimi durur. Biz ona epifora deyirik. 

Sonra gözün iç bucağı qızara bilir, şişkinləşə bilir, basanda ağrı verə bilir, səhərlər pasiyent oyananda orada irin hiss edə bilər. 

Bu simptomlar olanda mütləq həkimə müraciət  etmək lazımdır və diaqnozu dəqiqləşdirmək lazımdır. Əgər pasiyentdə yaş kanalının tıxanması, daralması və yaxud iltihablanması təsdiqlənərsə, onda mütləq tez zamanda müalicəyə başlamaq lazımdır. 

Göz yaşı kanalı tıxanmasının müalicəsi

Müalicə bir neçə mərhələdən ibarət ola bilər. ilk etapda biz antibiotik damcıları və yaxud mazı təyin edirik. 

İltihab yatandan sonra, iltihab yox olandan sonra biz mütləq yaş kanalını və yaş nöqtələrini yoxlayırıq: keçir və yaxud tıxanıb. 

Ondan sonra biz yaş kanalını yuyuruq. Yuyandan sonra yenə müalicə edirik və əgər bu etaplar kömək etmirsə, mütləq bu pasiyentlərə əməliyyat lazım ola bilir və o əməliyyatı uzatmağı və sonraya qoymağı biz məsləhət görmürük. 

Ona görə ki, bu iltihab elə yerdə yerləşir ki, pasiyentin beyninə belə fəsad verə bilər. 

Dr.Nərgiz Kəlbiyeva | Oftalmoloq