Awesome Image
19 Dec 2024

Üst göz qapağı sallanması - Ptoz

Ptoz dedikdə - qapaq sallanmaları nəzərdə tuturuq. 

Psevdoptoz – Yalançı ptoz

Qapaq sallanmaları bəzən sadəcə üst qapaqdakı artıq dəriyə bağlı olaraq yaranır. Bunlar həqiqi ptoz deyil. Biz buna "psevdoptoz", yəni "yalançı ptoz" deyirik. Bu daha çox yaşlı insanlarda artıq dəriyə bağlı olaraq yaranır və blefaroplastika əməliyyatı sonrasında bütün şikayətləri geriləyir. 
Amma həqiqi ptozlarda problem daha dərində olur. Bu göz qapağını qaldıran əzələdə hər hansı bir qüsura bağlı olaraq və ya bu əzələni idarə edən sinirdəki xəsarət nəticəsində yaranır. 

Uşaqlarda üst göz qapağı sallanması

Uşaqlarda ptoz varsa, burada önəmli məqam uşaqların müalicəsinin vaxtıdır. Yəni nə zaman əməliyyat icra etməliyik? Əgər uşaqda göz qapağı görmə mərkəzini bağlayırsa, bu zaman əməliyyatı daha təcili icra etməli oluruq. Çünki uşaqlarda tənbəllik riski çox yüksək olur. Amma əgər bu görmə mərkəzini bağlamırsa, biz bir az gözləyə bilirik. Uşaq böyüdükdə bu əməliyyatı icra edə bilirik. 

Yaşlı insanlarda üst göz qapağı sallanması

Böyüklərdə, daha çox yaşlılarda biz göz qapağının bu əzələsinin xüsusi bağ toxumasının zəiflədiyinə görə qapaqda yenə də sallanma görə bilirik. Bəzən xəstələri sadəcə bir tərəfdə bu narahat edir. Amma biz müayinə icra edərkən qapağı qaldırdıqda digər qapağın düşdüyünü görürük. Bu da çox vaxt ikitərəfli prosesin olduğunu bizə göstərir. Və biz cərrahi müdaxilə ilə xəstəni narahat edən bu görüntünü, bir də görmə sahəsini açmaq üçün əməliyyat icra edirik. 

Botoksdan sonra üst göz qapağı sallanması

Son dönəmlərdə xanımlarımızın estetik prosedurlara olan marağından qaynaqlı olaraq da botoks sonrası ptozlarla bizə müraciət edə bilirlər. Bu ptozlar keçicidir. Yəni öz-özünə 1 ay sonra bu ptoz keçəcək. Bəzən ehtiyac olduqda əlavə damcılar verə bilirik. Amma bunlar hər kəsdə faydalı ola bilmir. Bir də xanımlar prosedur sonrasında mütləq o nahiyələrə toxunmamalıdırlar ki, belə hallarla qarşı-qarşıya qalmasınlar. 

Sinir iflicinə bağlı ptoz

Bizə müraciət edən bəzi xəstələrdə də sinir ifliclərinə bağlı olaraq ptoz görə bilirik. Bu xəstələrdə ptozdan çox ptozu yaradan səbəb önəmli olur. Ona görə də biz bu xəstələri detallı şəkildə araşdırırıq. Əgər səbəb aradan qalxa bilərsə, səbəb aradan götürülür və 6 ay sonra bəzən bu ptozlar öz-özünə düzəlir. Düzəlməsə, yenə də biz bir müdaxilə ilə bunu düzəldə bilərik. 

Hər bir halda bizə ptozla müraciət edən xəstələrdə biz detallı müayinə edirik, səbəbini araşdırırıq, göz əzələlərinin funksiyasını dəyərləndiririk və buna görə də müalicə planımızı qururuq.

Dr.Ülkər Feyzullayeva | Oftalmoloq