Awesome Image
05 Feb 2025

Torlu qişa yırtığı və qopması

Torlu qişanın yırtıqlı qopmalarından bəhs eləmək istəyirəm. Hansı ki, bu qopmalar zamanı, yəni qopmaya səbəb olan faktor torlu qişada əmələ gələn yırtıqlardır. 

Bu yırtıqların da əmələ gəlməsində risk faktorları vardır, hansı ki, bu risk faktorları içərisində ən çox rast gəldiyimiz torlu qişanın periferik degenerasiyaları, yəni incəlmələrini nəzərdə tuturuq. 

Bu incəlmələr vaxt etibarilə və ya göz içində mayedə, yəni şüşəvari cismində dəyişikliklər nəticəsində yırtığa çevrilə bilirlər ki, hansı ki, bu yırtığa çevrildikdən sonra yırtıqlar da torlu qişanın qopmalarına səbəb ola bilirlər. 

Torlu qişanın yırtıqlı qopmalarında əslində xəstənin erkən müraciəti çox vacibdir. Yəni yırtığın erkən təsbit olunması, yırtığın ətrafının lazerlə vaxtında bərkidilməsi, torlu qişanın qopmasının qarşısının alınması deməkdir. 

Hətta bəzən yırtıqla birlikdə kiçik, lokal qopmalarda belə, lazer elədiyimiz və torlu qişanın qopmasının yayılmasının qarşısını aldığımız xəstələr çoxdur. 

Bu nə deməkdir? 

Əslində torlu qişanın qopmaları zamanı ehtiyac duyduğumuz vitrektomiya əməliyyatı kompleks bir əməliyyatdır. Yəni göz daxilinə giriş olunur, şüşəvari cisim gözdən çıxarılır, torlu qişa yatışdırılır. Torluq qişa yatışdırıldıqdan sonra gözün içinə bir taponad verilir. Bu taponad seçimimiz qaz və silikon yönündə olur. Yəni ikisindən birini veririk. Yırtığın lokalizasiyasına görə, gözün, torlu qişanın müddətinə görə bu dəyişir. 

Silikon gözdən əməliyyatla xaric olunur. Qaz isə, göz daxilində öz-özünə sorulub gedir. 

Torlu qişadakı qopmaya səbəb olan yırtıqların erkən mərhələdə təsbit olunması və bu yırtıqların ətrafının lazerlə bərkidilməsi öncəsində də bəhs etdiyim o kompleks əməliyyatdan xəstənin qurtulması deməkdir. 

Ona görə, xəstələr gözlərində uçuşma şikayəti varsa, hər hansı nöqtə şəkilli, bəzən iplik şəkilli uçuşmalardan bəhs edirlər, uçuşmalar varsa, gözlərində işıq parıldamaları, yəni "iskralar" deyirlər bəzən, olursa və ya gözlərində hər hansı bir kölgə əmələ gəlibsə mütləq həkimə müraciət etməlidirlər ki, yırtığın erkən diaqnostikası mümkün olsun. 

Kiçik bir lazer - baraj lazer dediyimiz müdaxilə ilə böyük bir əməliyyatdan yaxa qurtarmış olsun xəstələr.

Dr. Şahin Novruzlu | Oftalmoloq