Göz yaşı kanal tıxanıqlığı həm uşaqlarda anadangəlmə rast gəlinir, həm də böyüklərdə rast gəlinir. Patogenezi bir birindən tamamən fərqlidir. Böyüklərdə rastladığımız göz yaşı kanal tıxanıqlığından bəhs edəcəyəm.
Göz yaşı kanal tıxanıqlığı olan xəstələr gözlərdə olan sulanmadan şikayətçidir. Sulanma demək olar ki, ara vermədən, davamlı olur.
Xəstəliyə diaqnoz qoymaq üçün kanula ilə kanalı yuyuruq. Əgər kanal tamamən tıxalıdırsa maye boğaza keçmir, hamısı geri gəlir, amma kanal daralıb, amma hələ tam tutulmayıbsa, bu halda su təzyiqlə verildiyi üçün mayenin bir hissəsi boğaza keçə bilər.
Gözyaşı kanal tıxanıqlığının müalicəsi
Gözyaşı kanal tıxanıqlığının tək müalicəsi əməliyyatdır.
İki növ əməliyyat üsulu var. Lazer üsulu və el arasında "açıq üsul" deyilən dərinin kəsilməsi ilə icra olunan üsul.
Lazerlə gözyaşı kanal tıxanıqlığı əməliyyatı
Lazer üsulu müasir dövrdə Avropa ölkələrində istifadə olunmur. Çünki lazerin yaratdığı açıqlıq kiçik olduğuna görə bir müddət sonra qapanır, yəni xəstəlik təkrarlayır. Hətta bəzi xəstələrdə lazerin kanallarda yaratdığı yanıqların təsirindən düzələ bilməyən tıxanıqlıqlar yarana bilər.
Açıq üsulla gözyaşı kanal tıxanıqlığı əməliyyatı
Açıq üsul dediyimiz dakriosistorinostomiya əməliyyatının uğurlu nəticə ehtimalı çox yüksəkdir. Bu üsul narkozla icra olunur. Biz bu əməliyyatı xüsusi kəsiklə icra etdiyimiz üçün xəstələrdə əməliyyatdan sonra demək olar ki, kəsik izi qalmır.
Uzm.Dr.Vüsalə Əsədova | Oftalmoloq