Üveit gözümüzün orta təbəqəsi olan gözümüzün rəngli qismi, onun davamında kirpikli cisim və damarlı qişanın uvea toxumasının iltihablanmasıdır.
Üveitdə biz xəstəyə "Gözünüzdə iltihab var" şəklində məlumat veririk. Bəs bu iltihabın səbəbləri nədir?
Üveit xəstəliyinini səbəbləri
Üveitin səbəbi infeksion səbəblər ola bilər və yaxud da bəzi sistemik xəstəliklərlə bağlı ola bilər.
İnfeksion səbəblər, məsələn vərəm olsun, toksoplazma, herpes virus, sitomeqolovirus kimi mikroorqanizmaların təsirindən yarana bilər.
İkinci, "Sistemik xəstəliklərə bağlı olur" dediyimiz, revmatoloji xəstəliklərə bağlı: Behçet, sarkoidoz kimi autoimmun xəstəliklərlə bağlı, bəzi kron, ulserativ kolit kimi mədə-bağırsaq xəstəliklərinə bağlı, həmçinin bəzi dəri xəstəliklərinə bağlı, bəzi sinir sistemi xəstəliklərinə bağlı, məsələn, dağınıq skleroz kimi ola bilər.
Yəni üveit xəstəsi göz həkiminə müayinəyə qəldikdə, biz onda üveitdən şübhələndikdə, bu sadəcə göz həkiminin xəstəsi olmur. Biz bu xəstəyə multidisiplinar yanaşma ilə, bir çox konsultasiyaları ilə birlikdə dəyərləndirmiş oluruq.
Üveit xəstəliyinin əlamətləri
Bəs üveit xəstəsi qarşımıza hansı əlamətlərlə gəlir? Üveit xəstələri adətən gözündə qızarıqlıq, işığa həssaslıq, bulanıq görmə, gözün önündə fərqli cisimlər görmə şikayəti ilə gəlir.
Ümumiyyətlə biz üveiti, ön üveit və arxa üveit şəklində ayırırıq.
Ön üveitdə xəstələr daha çox işığa həssaslıq, ağrı, gözünü aça bilmə, qızarıqlıq, sulanma şikayəti ilə gəlir və orada da bulanıq görmə olur təbii ki.
Arxa üveitdə isə, görmə itiliyinin azalması, gözdə bulanıq görməni daha çox görürük. Bu xəstələr daha tez ona görə müraciət edirlər.
Üveit xəstəliyinin diaqnozu
Üveitə diaqnoz qoyarkən mütləq həmin xəstəxanada fərqli cihazlar, mürəkkəb cihazlarla göz dibinin tomoqrafiyası, gözdəki damarların angioqrafiyası şəklində biz dəyərləndiririk. Oradakı məlumatlara əsasən biz bu üveitin tipini, hansı xəstəliyə bağlı olub-olmadığına qərar veririk və sonra o xəstəlik hansı sistemik xəstəliyə bağlıdırsa, o ixtisasdakı həkimlə birlikdə dəyərləndirərək xəstənin müalicəsini təyin edirik.
Üveit xəstəliyinin müalicəsi
Üveitin müalicəsində biz nə qədər göz həkimi olaraq göz damcıları, mərhəmləri, gözdaxili iynələr, gözətrafı iynələrdən istifadə etsək də, orqanizmdəki həmin o sistemik xəstəlik inkişafı dayanmadığı sürəcə, sakitləşmədiyi sürəcə, gözdəki iltihabın da geriləməsi çətinləşir.
Ümumiyyətlə, üveit çox mürəkkəb, multidisiplinar yanaşma gərəkdirən bir xəstəlikdir. Xəstələr başda bəzi zəif simptomlarla gələ bilər, amma əgər xəstənin müalicəsi vaxtında təyin olunmadıqda, vaxtında müalicə olunmadıqda bu simptomlar daha da dərinləşir və geri dönüşümsüz fəsadlara gətirib çıxara bilir.
Düzgün diaqnozun qoyulması və xəstənin müalicəsinin düzgün aparılması önəmlidir.
Uzm.Dr.Aygül Tanrıverdiyeva | Oftalmoloq