Awesome Image
24 Mar 2025

Mövsümi göz allergiyaları

Hal-hazırda bizə ən çox verilən suallardan: "Doktor, gözüm qaşınır, sulanır, qızarır. Bu nə ilə əlaqədardır?” 

Mövsümü göz allergiyaları adətən mart ayının ortalarından başlayaraq iyul ayının ortalarına qədər davam edir. Bu, adətən mövsümi çiçəklənmə, ağaclarda tozlanma, otların təsirindən baş verə bilər. 

Gözdə mövsümi allergiyaların əlamətləri

Xəstədə əsas əlamətlər nə olur? 

Güclü qaşınma, sulanma, qızartı və göz qapaqlarında ödem. Bəzən bu ödəm o qədər çox ola bilər ki, buynuz qışada patologiyaya qədər gətirib çıxara bilər. 

Digər əlamətlərdən işığa baxa bilməmə, yəni blefarospazm, qamaşma, göz quruluğu, xəstələrdə yuxululuq. Hansı ki, xəstələr deyirlər ki, "Daima doktor, biz gözümüzü yummaq istəyirik, yorğunluq hiss edirik". 

Bəzən isə, bu əlamətlərin hamısı bir xəstə toplanmaya bilər. Misal üçün, xəstələr deyirlər ki, "Doktor, sadəcə gözüm qaşınır", "Doktor, sadəcə gözüm sulanır" və s. 

Bəzən göz allergiyası təkcə gözlə deyil, digər orqanlarla məsələn, rinit şəklində özünü göstərə bilər və yaxud da ümumən somatik bir hal kimi də büruzə verə bilər. Rinit əlamətləri kimi: burundan su gəlmə, boğazda qaşınma, burunda qaşınma, qızartı kimi hallarla özünü göstərə bilir ki, hansı ki, bu zaman onu digər virus patologiyası ilə dəyişik salmaq mümkündür. 

Gözdə mövsümi allergiyaların müalicəsi

Ümumən biz bu halla rastlaşanda təkcə gözü müalicə etməməliyik. Çünki təkcə əgər gözü müalicə etsək, bu zaman gözdəki vəziyyəti basqılamış oluruq, ancaq dərmanı kəsən kimi xəstələrdə şikayətlər yenidən geriyə qayıda bilir ki, "Doktor, müalicə zamanı mən çox yaxşı idim, ancaq dərmanı kəsdikdən sonra şikayətlər geri dönür”. 

Mövsümi göz allergiyalarının müalicəsi necə getməlidir? 

Əgər xəstədə bu simptomlardan biri və ya bir neçəsi olarsa, mütləq yaxınlıqdakı poliklinikadakı göz həkiminə müraciət etməlidirlər. Həkimlər onlara düzgün müalicəni təyin edəcək. 

Nəzarətsiz şəkildə, yəni əczalardan dərman alıb gözə damızdırmaq məsləhət görülmür. Çünki bu preparatların bəziləri vardır ki, onlar gözdə təzyiqi qaldıra bilər. 

Xəstə bizə müraciət etdikdə təkcə onun gözündəki allergiya deyil, digər somatik əlamətlər də bizi maraqlandırmalıdır ki, tam şəkildə müalicəmiz qaydasında getsin. 

Müalicələr zamanı göz damlalarından istifadə edirik və ağızdan tabletlər şəklində də istifadə edirik və xəstələrimizə mümkün qədər mövsümi allergiyanı yaradan allergenlərdən uzaq durmağı tövsiyə edirik və qida pəhrizini də tutmaq burada məqsədəuyğundur.

Dr.Pərvanə Rəsulova | Oftalmoloq