Awesome Image
14 May 2025

Burun ətlərinin radiofrekans metodu ilə kiçildilməsi

Burun ətlərinin, tibbi dildə desək, konxaların radiofrekans üsulu ilə kiçildilməsi. Konxa nədir? Hər burun boşluğunda 3 ədəd konxa yerləşir. Qan damarları ilə zəngin orqandır. Əsas funksiyası nəfəs aldığımız havanı istiləşdirmək, nəmləndirmək və filtrasiya etməkdir.

Konxalar nə üçün böyüyür?

Daha çox böyümə alt burun ətlərində müşahidə edilir. Əgər sizdə burun ətlərində qalıcı şişkinlik varsa və burun tənəffüsündən daimi olaraq əziyyət çəkirsinizsə, bu burun ətlərinin hipertrofiyasını göstərir.

Səbəbləri nədir?

Daha çox yayılmış səbəbləri: allergiya, burun çəpər əyriliyi, xroniki sinusitlər, nikotin istifadəsi, burun açıcı dərmanlardan uzun müddət kontrolsuz istifadə etməkdir.

Burun ətlərinin müalicəsi?

Burun ətlərinin müalicəsi necə aparılır? İlk öncə biz yerli steroid spreylərə müraciət edirik. Bəzən bu spreylər müəyyən müddətdən sonra burun ətlərin ölçüsünü kiçildə bilir. Əgər effekt vermirsə, artıq pasiyentə biz burun ətlərinin cərrahi yolla kiçildilməsini məsləhət görürük.

Radiofrekans nədir?

Günümüzdə tez-tez istifadə olunan və effektiv üsullardan biri radiofrekans üsuludur.

İynəyə bənzər ucluq alt burun ətlərinin daxilinə yeridilir və radio dalğalar vasitəsilə istilik toxumaya ötürülür və burun ətləri daxildən büzüşür və kiçilir ölçüləri. Əsas üstünlüyü bu metodun - selikli qişa zədələnmir, çünki istilik məhdud sahələrə ötürülür.

Əməliyyat həm yerli anesteziya, həm ümumi anestezi altında icra oluna bilər. 15 dəqiqə çəkir.

Burun daxilində kəsik olmur, ağrı olmur, qanama minimal və yaxud da ki, heç olmur. Və əməliyyatdan sonra həmin gün ərzində pasiyent evə yazılır və normal həyatına dönə bilər.

Əməliyyat sonrası 1 həftə ərzində şişkinlik, burunda qabıqlanma müşahidə olunur və ümumi sağalma 6-8 həftə ərzində başa çatır və bu müddət ərzində burun ətlərinin ölçüləri kiçilir.

Radiofrekansın təkrarlanması

Bəs radiofrekans nə qədər effektivdir və bunu təkrar etmək olarmı?

Bu sualla bizə çox pasiyent müraciət edir. 80% hallarda effektivdir və təkrar etməyə ehtiyac yoxdur. Amma bəzi pasiyent qrupu var ki, kəskin allergiyadan əziyyət çəkən, xroniki sinusiti olan xəstələrdə burun ətlərinin yenidən böyümə ehtimalı var və bu pasiyentlərə də rahatlıqla yenidən bu əməliyyatı icra etmək olar.

Dr.Gülnarə Quliyeva | Otorinolarinqoloq