Awesome Image
21 May 2025

Şəkər xəstəliyi və göz daxili iynə müalicəsi

Şəkər xəstəliyi zamanı torlu qişada, görmə mərkəzimizdə ödem yaranır.

Ödemin yaranma səbəbi torlu qişadakı şəkər xəstəliyinin səbəb olduğu damar keçirgənliyindəki dəyişikliklərdir.

Bu ödem zamanı biz müalicə məqsəd ilə iynələrdən istifadə eləyirik.

İynələrin də müxtəlif növləri var. Əslində xəstələrin ən çox verdiyi bəzi suallara cavab vermək istəyirəm.

Gözə neçə dəfə iynə vurulmalıdır?

Xəstələri maraqlandıran suallardan biri odur ki, neçə dəfə iynə vurulmalıdır?

Bu iynənin sayı xəstənin şəkərinin birbaşa gedişatı ilə, torlu qişada, görmə mərkəzimizdəki ödemin şiddəti ilə, yəni ödem nə qədər çoxdur/azdır, maye sızıntısı nə qədər çoxdur/azdır - onunla, bir də xəstənin kontrollara, yəni iynə müalicəsinə nə qədər vaxtı-vaxtında gəlib-getməsi ilə əlaqədardır.

Yəni şəkər kontrolu düzgün gədən xəstələrdə vaxtında iynələrinə gələn xəstələrdə müalicənin effekti qısa müddətdə və təsirli olur.

Amma təəssüflər olsun ki, xəstələr iynə müalicələrinə də bəzən gecikirlər, şəkər kontrolları da düzgün getmir. Ona görə iynə sayı artıq olur. Yəni “iynə asılılığı” artıq olur, belə deyək. Yəni xəstələrə çox iynə vurmaq məcburiyyətində qalırıq.

İynələri neçə müddətdən bir vururuq?

Rutin istifadə elədiyimiz gözdaxili iynələr aylıq iynələrdir.

Təbii ki, uyğun xəstələrdə bəzən “uzun müddətli iynələr” dediyimiz yəni müəyyən qruplar var, implantlar var göz daxili...

Yəni bəzən altı aya qədər iynə aralığını uzatmaq olur.

Amma ən çox istifadə elədiyimiz iynələrdə iynə aralıqlarımız 1 aydır.

Kimə göz daxili iynə vurmaq olmaz?

Müəyyən qrup şəkər xəstələri var ki, hansı ki onların gözündə, torlu qişasında artıq pərdələr əmələ gəlibdir, “traksiyalar” dediyimiz o çəkintilər əmələ gəlibdir. Bu qrup xəstələrə isə ümumiyyətlə iynə vurmaq olmaz.

Yəni bəzən xəstə iynə vurulması tələbi ilə belə həkimə müraciət edə bilir. Amma “Şəkərə bağlı göz dibi problemi olan xəstələrin hamısına iynə vurulacaq” deyə bir şey yoxdur.

Çünki uyğun olmayan xəstələrdə vurulan iynələrin, bu praktikada da qarşımıza çıxır, gözü yaxşılaşdırmaqdan ziyadə daha da pisləşdirdiyini müşahidə eləyirik.

Dr. Şahin Novruzlu | Oftalmoloq