Göz üçün faydalı vitaminlər və vacib olan qida məhsulları hansılardır?
Göz üçün vacib olan vitaminlər və onların hansı qida məhsullarında olmasından bəhs edəcəyik.
Ümumiyyətlə göz sağlamlığı üçün düzgün qidalanma çox önəmlidir. Öncəliklə mən hansı vitaminlər vacibdir, ondan bəhs etmək istəyirəm. Öncəliklə A vitaminindən başlaya bilərik.
Vitamin A
A vitamini nə üçün vacibdir? A vitamini gözümüzün daha çox torlu qişasında özəlliklə axşamları görmək üçün vacib olan hüceyrələrin çalışması üçün lazım olan maddədən ibarətdir.
Ona görə, A vitamini əksikliyi olan şəxslərdə həmişə gecə görmədə bulanıqlaşma müşahidə eləyirik və həmin şəxslərdə göz quruluğu müşahidə eləyirik. Yəni, həm göz yaşı keyfiyyəti üçün, həm görməmizin artırılması üçün A vitamini vacibdir.
Bəs A vitamini hansı qida məhsullarında var?
Daha çox heyvani qidalarda: yumurtada, qatıqda, süd məhsullarında ümumiyyətlə, eyni zamanda A vitamini pomidorun tərkibində var, həmçinin fıstıqda, qoz ləpəsində mövcuddur. Amma xalq arasında ən məşhur olan kökdür. Yerkökü A vitamini ilə zəngindir.
B2 vitamini
Digər bir vitamin B2 vitaminidir.
Daha çox gözümüzün ön təbəqələrinin sağlamlığı üçün vacibdir. Eyni zamanda mirvari suyunun əmələ gəlməsinin gecikdirilməsi üçün də B2 vitamini müntəzəm qəbul olmalıdır.
B2 vitamini ilə zəngin olan qidalar
Bu da heyvani qidalarda: yumurta, süd məhsullarında, həmçinin paxlanın tərkibində mövcuddur B2 vitamini. Eyni zamanda ispanaqdır, brokolidir, bu kimi qida məhsullarında mövcuddur.
E vitamini
Göz həkimlər üçün ən önəmli olan vitaminlərdən biri E vitaminidir. E vitamini təbii bir antioksidantdır.
Antioksidant nədir?
Bizim nəinki gözümüz, bütün orqanizmamız çalışarkən ortaya zərərli maddələr çıxır, “sərbəst radikallar” dediyimiz. Bu antioksidant maddələr də həmin o zərərli maddələrə qarşı savaşır.
Bunlardan biri də E vitaminidir. Məhs bu səbəbdəndir ki, E vitamini yenə, mirvari suyunun əmələ gəlməsini gecikdirir. Həmçinin torlu qişa sağlamlığı üçün vacibdir. Görmə mərkəzində olan yaşa bağlı xəstəliklər var. Yaşa bağlı makula degenerasiyası. Xalq arasında “sarı nöqtə xəstəliyi” olaraq bilinən bir xəstəlik. Həmin xəstəliyin profilaktikasında bir çox araşdırma E- vitaminin faydalı olduğunu göstərmişdir. Məhs həmin xəstələrə ümumiyyətlə, biz preparatı təyin edərkən də mütləq tərkibində E vitaminin olub-olmamasına baxırıq.
E vitamini hansı qidalarda var?
Yenə, yaşıl yarpaqlı bitkilərdə: ıspanaq, brokoli E vitaminindən zəngindir. Kivi, banan kimi meyvələr E vitamini ilə zəngindir. Eyni zamanda zeytun yağının, günəbaxan yağının tərkibi də E vitaminindən zəngindir.
Vitamin C
Digər bir təbii antioksidant olan vitamin C vitaminidir.
Daha çox portağalın, limonun, mandarin kimi narıncillərdə mövcuddur. Təbii ki, nəinki gözümüz üçün, bütün orqanizmamız üçün C vitamini əvəz olunmazdır.
Lutein və Zioksantin
Vitaminlər daha çox xalq arasında məşhurdur, bilinir. Bir də “lutein” və “zioksantin” dediyimiz xüsusi maddələr vardır ki, bunlar xüsusən torlu qişamızda görmə mərkəzimiz üçün çox önəmli olan maddələrdir. Bu maddələr daha çox yumurta sarısında mövcuddur. Eyni zamanda lobyanın tərkibində, yenə, ispanağın, brokolinin, kahının tərkibi lutein və zeaksantinlə zəngindir.
Omega 3 və Omega 6 yağ turşuları
Ümumiyyətlə göz dedikdə həm xəstələrin, həm də bizim ağlımıza hansı qida məhsulu gəlir? Təbii ki balıq.
Biz həftədə heç olmasa, bir dəfə, iki dəfə balıq və dəniz məhsulu yeyilməsini məsləhət görürük. Niyə? Çünki onun tərkibində omeqa 3, omeqa 6 yağ turşuları mövcuddur.
Bu maddələr də yenə, həm göz yaşının keyfiyyətini artırmaq üçün, həm bizim torlu qişamızdakı o hüceyrələrin çalışması üçün vacib olan maddələrdir. Balığın və dəniz məhsullarının tərkibində var. Bəli. Amma ordan almasaq, bir də məsələn, günəbaxan yağının tərkibində, qoz ləpəsinin tərkibində, fındığın tərkibində də yenə, omeqa yağ turşuları var. Həmin qidalardan da biz onları qəbul edirik.
Resveratrol
Digər bir önəmli qida məhsulu üzümdür. Üzümün tərkibində “resveratrol” dediyimiz güclü bir antioksidan var. Üzümün, qırmızı şərabin tərkibində mövcuddur.
Bu maddə də, yuxarıda bəhs etdiyim o sərbəst radikalların yox edilməsində önəmli rol oynayır. Həm göz təzyiqi üçün, həm mirvari suyunun gecikməsi üçün, həm torluq qişa sağlamlığı üçün vacib olan maddələrdən biridir.
Təkcə vitamin qəbulu yetərli deyil
Bu bəhs etdiklərindən əlavə qeyd etmək istəyirəm ki, bəzən xəstələrimiz hansısa bir xəstəliyin sadəcə vitamin qəbulu ilə keçəcəyini düşünürlər.
Məsələn, bəzən ikinci, üçüncü dərəcəli mirvar suyu ilə gəlir xəstə. Onun tək müalicəsi əməliyyatdır. Amma xəstə sadəcə vitamin kompleksi yazmağımızı və onunla keçəcəyini düşünür. Bu demək deyil ki, gözdəki xəstəliklər vitaminlərlə keçir.
Yəni vitaminlər göz sağlamlığını dəstəkləyir. Bəli, oradakı, torlu qişamızdakı hüceyrələrin çalışmasını dəstəkləyir, ön seqmentin daha yaxşı çalışmasını dəstəkləyir. Amma mirvari suyudur, eynək taxan xəstələrin eynəkdən qurtulması və yaxud da yaxını bulanıq görən xəstələrin bu vəziyyətdən qurtulması üçün yəni vitaminlər tək çarə deyil.
Ümumiyyətlə, həmin xəstəliklərin özlərinin müalicəsi var. Ona görə də göz həkimi ilə diqqətli bir şəkildə dəyərləndirilib ona görə bu vitamin kompleksləri təyin edilməlidir. Çünki vitaminlərin çox qəbulu da fərqli yan təsirlərə səbəb ola bilir.
Dr.Aygül Tanrıverdiyeva | Oftalmoloq