Awesome Image
19 Jun 2025

Yay mövsümündə qulaq xəstəlikləri: Xarici otit və ya "Üzgüçü qulağı"

Yay mövsümündə qulaq xəstəlikləri: Xarici otit və ya "Üzgüçü qulağı"

Yay mövsümü başladı. İstirahət üçün bir çoxları dənizə və hovuzlara üz tuturlar. Bu mövsümdə qulaq burun boğaz həkimlərinə daha çox “üzgüçü qulağı” dediyimiz xarici qulaq keçəcəyinin iltihabı olan pasientlər müraciət edir. 

“Xarici qulaq keçəcəyi” nədir? 

Qulaq seyvanından təbil pərdəsinə qədər olan dar bir kanaldır. Əsas səbəbi su ilə kontaktda olduqda su “qulaq kiri” dediyimiz serumeni - qorucu təbəqəni yuyub aparır və qulağın divarları uzun müddət nəm qaldığı üçün bu da mikroblar üçün əlverişli şərait yaradır. 

“Üzgüçü qulağı” xəstəliyi zamanı şikayətlər

Əsas şikayətləri ilk öncə bir qədər ağrı, qızartı, qulaqda tutulma, qaşıntı, bir qədər ifrazat ola bilər. 

Əgər qarşısı alınmazsa, bir neçə gün ərzində şikayətlər artır və ağrı dözülməz həddə çatır. Şişkinliyə, axıntıya görə qulaq keçəcəyinin girişi kəskin daralır. Bu da xəstədə eşitmə zəifliyinə səbəb olur. 

Hətta temperaturun yüksəlməsi, qulağın önündə və arxasında yerləşən limfa düyünlərinin böyüməsinə səbəb ola bilər. 

Xarici otitin diaqnostikası və müalicəsi

Əgər bu şikayətlər sizdə və yaxınlarınızda varsa, ilkin diaqnostika üçün qulağın önündə yerləşən kiçik qığırdağa təzyiq etməklə ağrı artırsa, demək, bu xarici otitin göstəricisidir. 

Amma düzgün diaqnostika və müalicəni təbii ki, qulaq burun boğaz həkimləri aparır. 

Müalicəsində həkim tərəfindən xarici qulaq keçəcəyinin təmizlənməsi, dərmanlar hopdurulmuş turundaların xarici qulaq kanalına yerləşdirilməsi aparılır. Əlavə olaraq qulaq damıcıları, ağrı kəsicilər, ehtiyac varsa, sistem antibiotiklər təyin olunur. 

Müalicə müddəti ərzində iki həftə ərzində qulağı sudan qorumaq məsləhətdir. 

Bəs bu halla qarşılaşmamaq üçün nə etməlisiniz? 

İlk öncə təmizliyinə şübhə etdiyiniz hovuzlara getməyin. 

Daha sonra qulağı pambıq çöplərlə, digər yad cisimlərlə təmizləməyin, qurdalamayın, “qulaq kirini” çıxartmağa çalışmayın. 

Daha sonra ilk, ən vacib məqam qulağın quru saxlanmasıdır. Su ilə kontaktdan sonra əgər qulağa su dolubsa, başınızı bir qədər yana əyərək silkələyin və suyun çıxmasına nail olun. 

Daha sonra isə, barmağınıza pambıq və yaxud yumşaq bir dəsmal dolamaqla xarici qulağın girişini qurulayın. Bunun üçün saç üçün fenlərdən də istifadə edə bilərsiz. 30 sm məsafədə feni tutmaqla xarici qulaq keçəcəyini qurulaya bilərsiniz. 

Bu qədər... Sizə yaxşı istirahətlər!

Dr.Gülnarə Quliyeva | Otorinolarinqoloq