Döş qəfəsində olan ağrıların intratorakal və ekstratorakal səbəbləri var. Yəni döş qəfəsi daxili olan orqanlarla bağlı və döş qəfəsinin xaricində olan orqanlarla bağlı olan səbəbləri. Bu tip ağrılarla olan insanlar hər birimizin qarşısına çıxıb. Bəs bunlardan hansı ürəklə bağlıdır, hansı bağlı deyil? Bu haqda qısa bir məlumat verək.
Döş qəfəsinin intratorakal səbəbləri
Döş qəfəsinin intratorakal səbəbləri, yəni döş qəfəsi daxili səbəbləri olan ağrılar orda yerləşən orqanların ağrıları və problemləri ilə bağlı meydana çıxa bilir.
Bunlardan ən böyüyü ürək və onun strukturu ilə bağlı olan ağrılar ola bilir.
Bundan başqa ağciyər və döş qəfəsi daxilində yerləşən böyük damarların problemləri və xəstəlikləri nəticəsində üzə çıxır. Bunlar hansıdır?
Ürəklə bağlı olan ən böyük ağrılar ürək damarlarının tutulması və yaxud da daralması zamanı yaranan stenokardiya və yaxud da daha kəskin forması - miokard infarktı zamanı görülür.
Bundan başqa ürəyin xarici qişası olan perikard xəstəlikləri və yaxud da ürəyin əzələsinin bir sıra başqa xəstəlikləri - miokardit və digər xəstəlikləri zamanı meydana çıxır.
Bundan başqa döş qəfəsində olan ağrılar ağciyər xəstəlikləri və yaxud da ağciyəri əhatə edən, onun qişası - plevra qişasının “soyuqlaması” və yaxud da iltihabı, tibbi dildə desək, xəstəlikləri zamanı meydana çıxır.
Bu dediklərimizdən başqa döş qəfəsi daxilində kəskin problemə səbəb olan ağrı onun damarlarla bağlı olması, yəni aortanın problemləri və xəstəlikləri zamanı meydana çıxır.
Bütün bunların hamısını aşkar eləmək üçün ən sadə müayinə metodlarından istifadə edərək həkimlər tərəfindən diaqnoz qoyula bilər və öncədən gələcəkdə baş verə biləcək xəstəliklərin qarşısını tam almaq olar.
Ürək ağrıları
Ürək və onun damarları ilə bağlı olan ağrılar zamanı ağrının əsasən fiziki hərəkət zamanı daha çox meydana çıxması, bundan başqa digər hemodinamik göstəricilərin, yəni ürəkdöyünmənin və təzyiqin yüksəlməsi və yaxud da aşağı düşməsi də meydana çıxa bilər.
Ürəklə bağlı olan döş qəfəsi ağrıları əsasən döş sümüyü arxasında sıxıcı, yandırıcı, göynədici tipli olur. Döş qəfəsinin sol hissəsinə yayılmış olur. Bəzən bu ağrılar çənəyə, dişlərə və yaxud da sol qola da yayılır. Bu tip ağrılar adətən tutma şəkilli olur.
Əgər davamlı olursa, bu, artıq daha ciddi problemin olmasını göstərə bilər. Lakin nəzərinizdə olsun ki, bu tip ağrıların hər biri ürək ağrısı deyil. Bunu da biz sadə müayinə metodları ilə təsdiq edə bilirik. Sadə elektrokardiqrafiya müayinəsi, exokardiqrafiya müayinəsi və bir neçə qan analizi ilə təyin edə bilərik.
Plevra iltihabına bağlı ağrılar
Döş qəfəsi daxili ağrıların ən böyük səbəblərindən biri də ağciyəri əhatə edən plevra qişasının iltihabı, yəni “soyuqlaması” nəticəsində meydana çıxa bilir. Bu zaman xəstələrin şikayətləri döş qəfəsinin hərəkəti zamanı, yəni nəfəs alma və nəfəs vermə zamanı daha intensiv üzə çıxır.
Bu ağrıların ağciyərlə bağlı olub-olmamasını da inkar etmək üçün mütləq döş qəfəsi rentgen müayinəsi olunmalıdır.
Ürək və ağciyər damarlarının ağrıları
Digər kəskin səbəblər - ürək və ağciyər damarlarının problemlərini aşkar etmək üçün exokardioqrafiya müayinəsindən başqa digər müayinələrin də, yəni döş qəfəsi kompüter tomoqrafiya müayinəsinin nəticəsi önəmlidir.
Döş qəfəsinin ekstratorakal səbəbləri
Nəzərinizdə olmalıdır ki, bu göstərdiyim xəstəliklər bütün döş qəfəsində olan ağrıların cəmi 2 faizini təşkil edir. Qalan böyük əksəriyyəti - 98% hissəsini qeyri-ürək səbəbli ağrılar təşkil edir. Bunlara hansılar aiddir?
Ən böyük səbəb sinir və əzələ ilə bağlı olan ağrılardır. Döş qəfəsində olan qabırğaarası əzələlərin və yaxud da orda yerləşən sinirlərin hər hansı bir iltihabi xəstəlikləri və yaxud da travma nəticəsində olan problemləri zamanı döş qəfəsində ağrı daha qabarıq üzə çıxa bilir.
Bundan başqa onurğa sütunun döş fəqərələri və boyun fəqərələri səviyyəsində olan problemlərdə də bu ağrının intensivliyi arta bilər.
Saydıqlarımdan başqa bəzi xəstələrdə mədə və onikibarmaq bağırsaqda olan xəstəliklər nəticəsində döş qəfəsinə ağrı verə bilər.
Ürək ağrısı hara vurur?
Ürək ağrısı hər yerə vura bilər. Döş qəfəsinin arxa hissəsinə də vura bilər, ön hissəsinə də vura bilər. Bəli, kürəyə də vura bilər. Sadəcə, bu ağrının intensivliyi, ağrının tipi, ağrının nədən sonra yaranması, ağrının digər xəstəliklərlə əlaqəli olub-olmamasını aşkar eləmək lazımdır. Döş qəfəsində olan ağrı əlinizlə basdığınız zaman - palpasiya zamanı və yaxud da qolunuzu və yaxud da döş qəfəsinizi hərəkət elətdirməklə bağlı , yaranırsa bu daha çox onurğa və sinir mənşəli olan ağrılara xas olur.
Ürək ağrılarını fərqləndirmək
Müxtəlif mənbələrdə ürək ağrılarının ya çiyinə, ya çənəyə, ya qola yayılması haqqında informasiya hər birimiz oxumuşuq. Bəli, bu ağrıların bədənin müxtəlif hissələrinə irradiasiyası mümkündür.
Lakin ümumilikdə götürdükdə, ürək ağrıları daha çox döş sümüyü altında yandırıcı, göynədici və daha çox qısa müddətli, fiziki hərəkətlə bağlı olur.
Uzun müddətli sinə ağrıları
Nəzərinizdə olmalıdır ki, ürək ağrısı uzun müddət davam etdiyi zaman, adam miokard infarktı olur. Əgər miokard infarktı olduğu zaman insanın digər, yanaşı şikayətləri də meydana çıxır. Bu, həm təzyiqin dəyişməyində, həm ürək döyünməyinin dəyişməyində, həm xəstənin özünün müxtəlif hemodinamik pozulması, ümumi halının dəyişməsi, halsızlığı, huş itirməsi və yaxud da digər yanaşı şikayətləri ola bilər.
Əgər uzun müddətli davam edən küt formada və yaxud da yandırıcı formada, lakin sutka, iki sutka davam edən ağrıdırsa, bu daha çox əzələ ağrısıdır.
Bundan başqa necə ayırd eləyə bilərsiniz? Əgər əllə basdıqda - palpasya elədikdə, əgər o həmin zonada ağrı varsa, bu artıq əzələ ağrısının əlamətidir. Bu ağrıları ən yaxşı diaqnostika eləmək metodu, bir nömrəli: kardioqramma çəkdirmək lazımdır.
İkinci, əgər çox şübhəli, risk qrupunda olan xəstələr olarsa... Risk qrupuna hansılar aiddir? Yüksək qan təzyiqi, şəkərli diabet, ağır çəki, yaşlı nəslin nümayəndələri...
Əgər bunlar - risk qrupunda olan insanlar olarsa, o zaman qanda kiçik bir analiz - troponin analizin təyini ürək ağrısının olub-olmamağını deməyə əsas verə bilər.