Bir çox xəstəmiz eynək aldıqda fərqli sualları yaranır. burada da bir hissəsini cavablandırmağa çalışacağıq.
Öncəlikli olaraq eynək alarkən çərçivə seçirik. Çərçivə seçərkən mütləq üz quruluşunuza uyğun olan çərçivə seçməyə çalışın. Mütləq burnunuzda tam şəkildə oturan görmə mərkəzlərinizdə yer dəyişməyəcək bir çərçivə olsun və əlbəttə ki, sizə rahat olsun. Bəzən xəstələr uzun müddət eynəyi taxa bilmirlər.
Uşaqlarda mütləq yumru və geniş çərçivələrə üstünlük veririk. Böyüklər üçün formasının hər hansı bir fərqi yoxdur.
Eynək şüşəsi seçimi
Digər önəmli olan şüşə seçimidir. Əslində biz son dövrlərdə əsl şüşə istifadə etmirik. Bunlar plastikdir, orqanikdir. Biz bunları üstünlük veririk.
Onların arasında qırılmayan variantlar var ki, məsələn, tez-tez əgər eynəyiniz qırılırsa, polikarbon və ya bəzən biz gözü qorumaq məqsədli verdiyimiz eynəklərdə triveks şüşələri məsləhət görə bilirik.
İstehsalçı ölkəyə gəldikdə, əslində bunların ciddi hər hansı bir sizin sağlamlığınıza təsiri olmaz. Amma görüntü olaraq bəzi ölkələrin, istehsalçıların deyək ki, şüşələri daha yaxşı ola bilir. Amma bunların seçimi sadəcə sizin daha komfortlu, daha rahat görmənizə təsir edər. Sağlamlığınıza ciddi bir təsiri olmaz.
Xüsusi örtüklü eynək şüşələri
Eynək şüşəsi seçdikdən sonra bu şüşələrin bir çox örtükləri olur. Bu örtüklərdən biz çox vaxt antireflekt, antiblik dediyimiz örtüyü əlavə edirik. Xüsusilə astiqmatizması olan xəstələrdə...
Bu örtük olduqda daha rahat görürsünüz. Ətrafdan gələn qamaşmalar azalmış olur və ona görə bunu adətən əlavə etməyinizi tövsiyə edirik.
Digər örtüklər var. Məsələn, eynəyin üzərində su qalmasın, cızılmasın, deyək ki, buxar yaranmasın... Bu kimi örtüklər artıq əlavədir. İstəsəniz, bunları seçə bilərsiniz. Bunların yenə də eynəyinizə hər hansı bir təsiri olmayacaq.
Mavi işığı bloklayan eynək şüşəsi
Son dönəmlərin ən populyar olan örtüklərindən biri - bu mavi işığın qarşısını alan örtükləridir. Bəs bunların bir faydası varmı?
Əslində bu filterlərin göz baxımından hər hansı bir elmi təsdiqi yoxdur. Amma gündəlik rejiminizə bunun bir xeyri olacaq. Çünki axşam vaxtalarında biz adətən mavi işığa məruz qalmırıq və getdikcə yuxumuz gəlir. Əgər davamlı şəkildə siz uzun saatlar kompüter önündə vaxt keçirirsinizsə, o zaman yuxusuzluq problemi ilə qarşılaşa bilərsiniz. Bu səbəbdən də mavi örtüklü eynəklər əslində sizin rejiminizi bir az düzənə qoymağa köməklik edəcək. Yenə də bu örtüklər daha çox uzun müddət axşam saatlarında kompüterin önündə vaxt keçirənlər üçün rahatlıq yaradacaq. Göz yorğunluğunu düşünsək, burada bəzi xəstələrimiz fayda görür, bəziləri isə, çox fayda görmürlər və hər hansı bir elmi təsdiqi yoxdur.
Burada ən önəmli bir şeyi vurğulamaq istəyirəm. Bəzən valideynlər uşaqlara bu eynəkləri alıb, bu eynəyi taxdıqda miopiya, yəni mənfi nömrənin artmayacağını düşünürlər. Amma buradaki mexanizim yaxına baxmaqdan qaynaqlanır. Ona görə bu mavi filterlərin hər hansı bir “miopiyanın qarşısını almaq” kimi bir təsiri yoxdur.
Bifokal, trifokal və proqressiv eynəklər
Digər, eynək seçimində önəmli olan bir neçə eynəyi olan xəstələrə aiddir ki, istəsəniz, bu eynəkləri tək bir eynək halında sifariş verə bilirsiz.
Burada da bifokal, trifokal və proqressiv, yəni son dönəmlərdə daha çox olan proqressiv eynəklər var.
Amma bu eynəkləri sifariş edəndə mütləq bilməlidirlər ki, bəzi xəstələrdə buna öyrəşmək müddəti uzun ola bilir. Ona görə ilk taxdıqda bir az narahatçılıq hiss edə bilərlər. Əgər nəyəsə öyrəşmək bir xəstəyə həmişə narahat gəlirsə, uzun çəkirsə, bu eynəklərə öyrəşməyə də bilərlər. Ona görə, yəni bunu aldıqda nəzərə alsınlar.
Xüsusi eynək şüşələri
Bunun xaricində əlbəttə ki, bir çox şüşələr var. Məsələn, avtomobil sürənlər üçün var, xüsusi xəstəliklərdə istifadə olunan şüşələr var... Amma bunlarla da bağlı biz individual yanaşırıq. Ona görə hər hansı bir sualı olarsa xəstələrimizin, öz həkimləri ilə əlaqə saxlayıb, daha detallı məlumat ala bilərlər.
Dr.Ülkər Feyzullayeva | Oftalmoloq