Awesome Image
18 Jul 2025

Diabetik retinopatiya - Göz dibində şəkərli diabetə bağlı problemlər: Kimlər risk altındadır?

Diabetik retinopatiya nədir və kimlər risk altındadır?

Diabetik retinopatiya şəkər xəstəliyində gözümüzün arxa qişası olan torlu qişadakı damarların zədələnməsinə bağlı, eyni zamanda torlu qişanın özünün yüksək şəkər səviyyəsinə bağlı zədələnməsi nəticəsində ortaya çıxan bir göz xəstəliyidir.

Bu xəstəlikdə biz göz həkimləri olaraq göz dibində həmin zədələnmiş damarlardan əmələ gələn qan sızmaları görürük. Gözümüzün görmə mərkəzində maye toplanması nəticəsində ödem görürük.

Həmçinin bəzi kiçik damarlarda tıxanmalar nəticəsində qidalanmayan sahələr görülür. Xəstələr isə, görmənin bulanıqlaşması, göz önündə uçuşan cisimlər şəklində şikayətlərlə gəlir. Hətta ani görmə itkisinə qədər ola bilən bir tablodur bu.

Diabetik retinopatiyada biz müalicə olaraq təbii ki, gözdaxili iynələrdən və lazerlərdən, daha öncəki postlarda da bəhs etmişik, istifadə edirik. Bəs bütün diabet xəstələrində bu mərhələlər bu şəkildəmi gedir? Yox! Bəzi şəkər xəstələri vardır ki, ömrünün sonuna qədər şəkəri kontrol altındadır və gözündə diabetik retinopatiya rast gəlinmir. 

Hansı şəkərli diabet xəstəlik diabetik retinopatiya riski altındadır? 

Birincisi, burada diabetin müddəti önəmlidir. Araşdırmalar göstərib ki, 30 yaşından öncə şəkər diaqnozu qoyulan xəstələrdə 10 il içərisində retinopatiya əmələ gəlmə riski 50 faizdir. 30 il içərisində isə, 90 faizdir. 

Ona görə, nə qədər erkən şəkər xəstəliyi başlayacaqsa retinopatiya riski o qədər bu xəstələrdə yüksək olacaqdır. Əslində, ilk 5 ildə çox vaxt simptom görmürük. Amma 5 ildən sonra, artıq yavaş-yavaş xəstə hiss etməsə belə, retinopatiyanın bəzi mərhələlərini görmüş oluruq. Tip 1 diabetli xəstələrdir, bu gənc xəstələr - 30 yaş öncəsi olan... 

Daha yaşlı xəstələrdə olan... Tip 2 diabetli xəstələrdə isə, diaqnoz qoyular-qoymaz mütləq göz dibi müayinəsi olmalıdır. Çünki, onların neçə ildir şəkər olduğunu biz bilə bilmirik. Bəlkə də 5 ili keçmiş şəkər xəstələri olur. 

Qanda şəkərin stabil olmaması risk faktorudur

Digər bir risk faktoru diabetin kontroludur. Xəstələr bəzən elə zənn edirlər ki, şəkərim yüksəldi, ya iynə vurduq, ya dərman içdik və şəkərin kontrol altına düşdü. Bu kontrol demək deyil! 

Bizim üçün şəkərin uzunmüddətli stabilliyi önəmlidir. Bunun üçün biz sadəcə barmaqdan ölçülən şəkər testindən yox, Hemoglobin A1C dediyimiz analizə baxıb dəyərləndiririk. Əgər o, norma daxilindədirsə, bəli, bu xəstənin artıq 3 aylıq şəkəri norma daxilindədir, stabil vəziyyətdədir deyirik və stabil vəziyyətdə şəkər olanlarda təbii ki, retinopatiya riski digərlərinə görə daha aşağı səviyyədə olur. 

Hamiləlik və diabetik retinopatiya

Digər bir risk faktoru hamiləlikdir. Hamiləlikdə, adətən bunlar Tip 1 diabetli xəstələr olur və bu xəstələrdə retinopatiya daha da ağırlaşmış vəziyyətdə olur. 

Hamiləliyin son dönəmlərində isə, görmə mərkəzində əmələ gələn maye üçün biz hansısa bir müalicə tətbiq etmirik, hamiləliyin sonlanmasını gözləyirik. 

Çünki, ondan sonra bəzən o ödem öz-özünə çəkilə bilir. Yəni buna səbəb də hamiləlik dövründəki şəkərin kontrolsuz getməsidir. 

Yüksək qan təzyiqi və diabetik retinopatiya

Digər bir risk altında olan xəstələr təzyiq yüksəkliyi olan xəstələrdir. Ona görə biz şəkər xəstələrinin həmişə qan təzyiqinin də normada olmasını istəyirik ki, retinopatiya irəliləməsin. 

Siqaret çəkmək, ağır çəki və diabetik retinopatiya

Həmçinin siqaret çəkənlərdə, həmçinin obezite - günümüzün böyük problem olan obezite xəstələrində də diabetik retinopatiya ağır şəkildə irəliləməkdədir. 

Katarakta və diabetik retinopatiya 

Burada digər bir məqam - mən mirvari suyu barəsində danışmaq istəyirəm. 

Ümumiyyətlə, araşdırmalar göstərir ki, mirvari suyu normal populyasiyaya nisbətən şəkər xəstələrində hətta 20 il öncədən belə başlaya bilər. Məsələn, 60 yaş üzəri biz daha çox görürüksə normal populyasiyada, şəkər xəstələrində bu yaş daha erkən olur. 

Və mirvari suyu əməliyyatından sonra diabetik retinopatiya da şiddətləndiyi göstərilmişdir. 

Ona görə həmin xəstələrdə biz mütləq öncəsində göz dibini dəyərləndirib, əgər retinopatiya çox az miqdardadırsa, topikal damlalarla müdaxilə edirik. 

Lazım gəlsə, əməliyyat öncəsində və yaxut da əməliyyat zamanı iynə tətbiq olunur. 

Bu xəstələrdə bəzən narazılıqlar da olur ki, “Mən əməliyyat oldum, amma görməm daha da bulanıqlaşdı.” Yəni bu, təsdiq olunmuş bir şeydir ki, katarakta əməliyyatından sonra retinopatiya şiddətlənə bilər. Ona görə öncədən qarşısını almaq üçün müvafiq prosedurlar tətbiq olunmalıdır. 

Şəkərli diabet xəstələri göz həkimində də müayinədə olmalıdırlar

Mənim burdan şəkər xəstələrinə müraciətim o ola bilər ki, endokrinoloqlara getdikdə, mütləq gözlüyü müayinələrini də axsatmasınlar. Yəni göz həkiminə də vaxtlı-vaxtında müraciət etsinlər. 

Çünki, vaxtında müalicə tətbiq etdikdə retinopatiyanın o ən ağır mərhələsi olan torlu qişanın qopmasıdır, göz daxilinə qan sızmasıdır... Yəni bu mərhələlərə gəlmədən, erkən mərhələdə iynə, lazer müalicəsi ilə bu ağırlaşmanın qarşısı alına bilər.

Dr.Aygül Tanrıverdiyeva | Oftalmoloq